
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ildə kəsilmiş birbaşa danışıqları mayın 15-dən İstanbulda ilkin şərt olmadan bərpa etməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, o, bunu mayın 11-nə keçən gecə Kremldə “Rossiya 24” telekanalının yayımladığı çıxışı zamanı deyib.
“Biz Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda kəsdiyi danışıqları bərpa etməyi təklif edirik. Birbaşa danışıqları bərpa edin və vurğulayıram ki, heç bir ilkin şərt qoyulmadan. Biz gecikmədən gələn cümə axşamı, mayın 15-də İstanbulda başlamağı təklif edirik. Onlar əvvəllər harada saxlanılıb, harada kəsiliblər, orada”, - Putin deyib.
Rusiya prezidentinin sözlərinə görə, o, Türkiyə Prezidenti Rəcəb Ərdoğanla birbaşa Rusiya-Ukrayna danışıqlarının təşkili barədə danışmağı planlaşdırır:
“Sabah Türkiyə Prezidenti cənab Ərdoğanla söhbətimiz var, ondan Türkiyədə danışıqlar aparmaq üçün belə bir fürsət verməsini xahiş etmək istəyirəm. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışına töhfə vermək istəyini təsdiq edəcək”.
Putin həmçinin bildirib ki, Rusiya Ukrayna ilə ciddi danışıqlara hazırdır:
“Onların məqsədi münaqişənin əsas səbəblərini aradan qaldırmaq və tarixi perspektivdə uzunmüddətli, davamlı sülhün bərqərar olmasıdır. Biz istisna etmirik ki, bu danışıqlar zamanı bəzi yeni barışıqlar, yeni atəşkəs və real barışıq haqqında razılığa gəlmək mümkün olacaq”.