
Kiyevdə bir araya gələn Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, onlar Ukrayna Prezidenti ilə birlikdə 30 günlük atəşkəs məsələsini müzakirə ediblər.
“Ukrayna və onun müttəfiqləri quruda, havada və dənizdə ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdırlar ki, bu da bazar ertəsindən etibarən başlaya bilər”, - Andriy Sibiqa yazıb.
O, Rusiyanın atəşkəsə razılaşacağı və razılaşmaya effektiv şəkildə nəzarət ediləcəyi təqdirdə bunun sülh danışıqlarının başlanması istiqamətində ilk addım olacağını bildirib.
Qeyd edək ki, mayın 10-da Kiyevdə “İstəyənlər koalisiyası”nın iclası keçirilib. Bundan əvvəl Ukrayna paytaxtına dörd Avropa ölkəsinin liderləri - Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk gəlib.