
Terror təşkilatı PKK qurultayını topladığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, qurultay 5-7 may tarixlərində keçirilib.
Qeyd olunub ki, terror təşkilatının özünü ləğv etməsinə dair qərarın verilib-verilmədiyi bəlli deyil.
“Bəyanatda “tarixi əhəmiyyət kəsb edən qərarların qəbul edildiyi” bildirilir”, - KİV yazır.
Xatırladaq ki, bu il fevralın 27-də Mərmərə dənizinin İmralı adasında həbsdə olan Öcalan bütün PKK-ya bağlı qrupları silahlarını yerə qoymağa və təşkilatı buraxmağa çağırıb. Bu çağırışa cavab olaraq martın 1-də PKK atəşkəs elan edib və özünü buraxmaq məsələsinə baxılması üçün qurultay çağırmağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, “Sözcü” qəzeti daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, əsas qüvvələri İraqda yerləşən PKK mayın 5-də İraq Kürdüstanının Süleymaniyyə şəhərində konqres keçirəcək və orada özünü buraxmaq məsələsi həll olunacaq. PKK-nın tərksilah edilməsi və buraxılması prosesi iyun ayına qədər başa çatdırılacaq.
Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq respublika ərazisində onun tərəfdarlarına qarşı reydlər, eləcə də Şimali İraq və Suriyada əməliyyatlar həyata keçirir.