Bu gün Qələbə Günüdür


Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.
Yeniavaz.com
xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib.
1945-ci il mayın 8-də Berlində alman feldmarşalı Vilhelm Keytel Almaniyanın müttəfiq dövlətlər qarşısında qeyd-şərtsiz kapitulyasiya aktını imzalayıb, bununla da Avropada İkinci dünya müharibəsi başa çatıb. Bu xəbər SSRİ ərazisində 9 may tarixində elan edildiyi üçün məhz bu tarix SSRİ-də və keçmiş sosialist bloku ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunur.
Böyük Vətən müharibəsi illərində qısa müddətdə Azərbaycanda 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Bu müharibədə ümumilikdə Azərbaycandan 660 min nəfər iştirak edib. 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min nəfər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

DİGƏR XƏBƏRLƏR

Top