
Avropa Parlamenti (AP) Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosedurunun bərpasına qarşı çıxıb.
Yenavaz.com xəbər verir ki, AP Türkiyə hökumətini demokratik prinsiplərdən yayınmaqda ittiham edib.
Bu barədə məlumat çərşənbə günü Strasburqda Avropa Parlamentinin plenar iclasında qəbul etdiyi hesabatda öz əksini tapıb.
“Mövcud şəraitdə türk cəmiyyətinin əhəmiyyətli hissəsinin demokratik və avropapərəst istəklərinə baxmayaraq, Türkiyənin Aİ-yə üzvlük prosesi bərpa oluna bilməz”, - sənəddə qeyd edilib.
Sənəddə həmçinin qeyd edilib ki, Avropa Parlamentinin deputatları Türkiyədə demokratik normaların səviyyəsinin aşağı düşməsindən, eləcə də “tənqidi səslərin kəsilməsindən” narahatdırlar.
Hesabatın lehinə 367, əleyhinə 74 deputat səs verib. 188 deputat isə bitərəf qalıb.
Xüsusilə, onlar bildiriblər ki, Türkiyədə dinc etiraz aksiyaları mütəmadi olaraq yatırılır və sonradan aksiyalarda iştirak edənlər təqib olunur.
Hesabatda göstərilib ki, Türkiyə hökuməti Aİ-yə üzvlük prosesində zəruri olan fundamental demokratik çatışmazlıqları aradan qaldıra bilməyib.
Buna baxmayaraq, AP deputatları Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına tərəfdar olduqlarını bildiriblər.
Qeyd edək ki, Türkiyə 1963-cü ildə Aİ (o zamanlar Avropa İqtisadi Birliyi) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqları səbəbindən dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.