Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi


Məhkəmə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Sofiya” şadlıq sarayına hesablanan 2 196 manatlıq borcun silinməsi ilə bağlı qərar verib.
Yeniavaz.com
xəbər verir ki, “Sofiya” şadlıq sarayının sahibi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
İddia ərizəsində bildirilir ki, ehtiyat su anbarına su doldurmaq üçün istifadə olunan su xətti kifayət etmədiyindən 2024- cü ilin sentyabr ayının sonlarından etibarən şadlıq sarayının yanında yerləşən obyektin sahibinin icazəsi ilə onun obyektinin su xəttindən istifadə etməklə şadlıq sarayının ehtiyat su anbarına su doldurulub. Nəsimi rayon Sukanal İdarəsinin əməkdaşları isə bunu sudan qeyri-qanuni istifadə kimi qiymətləndirərək şadlıq sarayına borc hesablayıblar.
Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baş tutan iclasda “Sofiya” şadlıq sarayına əsassız olaraq hesablanan 1 643 manat borcun silinməsi, həmçinin ödənilən 553 manat məbləğində pulun şadlıq sarayının hesabına geri qaytarılması öhdəliyi İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinə həvalə edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top