
Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
Bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib.
“Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”, - XİN-in bəyanatında qeyd olunub.
Qeyd edək ki, mayın 7-ə keçən gecə Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində 26 nəfərin öldüyü, daha 46 nəfərin xəsarət aldığı bildirilir. Pakistan tərəfi cavab tədbirləri görüb və Hindistanın beş qırıcısı vurulub.