Avropa Rusiya qazının idxalını tam qadağan etməyi planlaşdırır – “Bloomberg”


“Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyası 2025-ci ilin iyun ayında üzv ölkələrə 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını qadağan etmək məqsədilə yeni tədbirlər paketi təklif etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu qadağa həm yeni müqavilələri, həm də mövcud spot bazar müqavilələrini əhatə edəcək.
Avropa Komissiyasının mayın 6-da bu istiqamətdə “yol xəritəsi”ni dərc edəcəyi gözlənilir. Hazırda Avropa ölkələrinin Rusiyadan qaz idxalı əsasən “al və ya ödə” prinsipi ilə bağlanmış uzunmüddətli müqavilələrə əsaslanır ki, bu da onları dəyişdirməyi çətinləşdirir. Buna baxmayaraq, mənbələr bildiriblər ki, Komissiya iyun ayında bu tip uzunmüddətli müqavilələrə də qadağa tətbiq etməyi planlaşdırır.
“Financial Times” isə yazır ki, Avropa Komissiyası şirkətlərin böyük cərimələr ödəmədən bu müqavilələrdən imtina etməsinə imkan verəcək qanuni yollar axtarır. Belə mexanizmlərdən biri kimi fors-major vəziyyətin tətbiqi nəzərdən keçirilir.
“Bloomberg” qeyd edir ki, təklif olunan tədbirlər çərçivəsində spot müqavilələr üzrə qaz idxalına qadağa 2025-ci ilin sonunadək, uzunmüddətli müqavilələr üzrə isə 2027-ci ilin sonunadək qüvvəyə minəcək. Lakin bu proses Aİ-nin ABŞ, Qətər, Kanada və Afrika ölkələrindən alternativ LNG (mayeləşdirilmiş təbii qaz) tədarükünü təmin etmək imkanlarından asılı olacaq.
Agentlik bildirir ki, Rusiya qazının Aİ-yə idxal payı artıq əhəmiyyətli dərəcədə azalıb – müharibədən əvvəllki 40%-dən hazırda 19%-ə düşüb. “Qazprom” boru kəmərləri ilə təchizatı azaltdıqdan sonra, Rusiya LNG tədarükündə artım müşahidə olunub və bu idxal rekord həddə çatıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top