Tərəflər arasındakı problemləri ailələr arasındakı problemlərə çevirməyin!


Evlilikdə tərəflər nə qədər problemsiz evliliklər qursalar da, vaxtaşırı onlar arasında bəzi problemlərin baş verməsi təbiidir. Ancaq bəzən bu problemlər öz sərhədlərinə sığmır və bir qədər sonra isə, bu sərhədləri aşır. Belə olduqda, bu problemlərin tərəflərarası porblem müstəvisindən çıxması və ailələrarası problem müstəvisinə keçməsi də təbiidir. Ona görə də, bu cür hallarda hər bir ailə yalnız öz tərəfini müdafiə etmək yolunu seçməməli, ya da yalnız qarşı tərəfi ittiham etmək yolunu tutmamalıdır.
Digər tərəfdən, ailələr belə hallarda “mənim qızım” və ya “mənim oğlum” kimi ifadələrdən istifadə etməməli, daha çox “bizim qızımız” və ya “bizim oğlumuz” kimi ifadələrə üstünlük verməlidirlər. Hər bir ailənin öz tərəfinə qarşı tərəfin müsbət cəhətlərini xatırlatması da problemin müsbət həllində mühüm rol oynaya bilər.
Burada diqqət yetirməli olduğumuz başqa bir məsələ isə bir qədər sonra tərəflərin bir-birilərinə olan ittihamlarını unutmaları, ancaq ailələrin bir-birilərinə olan ittihamlarını yaddan çıxarmamalarıdır. Bu isə, təbii olaraq, gələcəkdə yeni problemlərin meydana çıxması deməkdir. Ona görə də, ailələr tərəflər arasındakı problemləri həll edərkən həm hisslərinə, həm də ağıllarına nəzarət etməli, həmçinin təhlükəli şərhlərdən uzaq olmalıdırlar. Digər tərəfdən, əgər çox ehtiyac varsa, daha təcrübəli bir şəxsin və ya daha təcrübəli bir mütəxəssisin köməyinə də müraciət etmək olar.
Təbii ki, burada xarakter və ya mühit kimi amillərin də problemin həllinə mənfi təsirini unutmaq olmaz. Ona görə də, ailələr tərəflərin problemlərinə mümkün qədər birbaşa müdaxilə etməməli, əgər müdaxilə tələb edən bir vəziyyət varsa, müdaxiləyə, ilk növbədə, öz uşaqlarından başlamalıdırlar.
Problemə birtərəfli şərh vermək də bu problemin daha da düyünə düşməsinə səbəb ola bilər. Digər tərəfdən, ailələrin üzərinə düşən başqa bir vəzifə əvvəlcə tərəflərin hər ikisinin fikrini bilmək, sonra isə (əlbəttə ki, müdafiəyə və ya ittihama keçməmək şərti ilə) öz tərəfinin rəyini öyrənməkdir.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top