ABŞ Trampın rəhbərliyi ilə ilk dəfə Ukraynaya silah satışını təsdiqlədi – “Kyiv Post”


ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra onun administrasiyası ilk dəfə olaraq Ukraynaya silah satışına yaşıl işıq yandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Kyiv Post" diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası Konqresə Ukraynaya birbaşa kommersiya satışları (Direct Commercial Sales – DCS) yolu ilə 50 milyon dollar dəyərində müdafiə məhsullarının ixracına icazə vermək niyyəti barədə rəsmi bildiriş təqdim edib.
Əvvəllər ABŞ rəhbərliyi Ukraynadakı müharibənin diplomatik yollarla həllini prioritet sayaraq hərbi dəstəkdən uzaq dururdu. Lakin bu addım Trampın siyasətində Ukrayna ilə bağlı yumşalma əlaməti kimi qiymətləndirilir.
"Toçnıy" tədqiqat qrupunun təhlükəsizlik üzrə eksperti qeyd edib ki, bu satışın əsas əhəmiyyəti onun səssiz həyata keçirilməsidir: “Birbaşa kommersiya satışları ictimaiyyətə açıqlanmır, bu səbəbdən də çoxları düşünürdü ki, Tramp Ukraynaya silah yardımını tam dayandıracaq. Amma bu qərar bunun əksini göstərdi”.
Qeyd edək ki, sözügedən silah ixracı ABŞ Prezidentinə geniş səlahiyyətlər verən Silah İxracına Nəzarət Qanunu (AECA) çərçivəsində Konqresə təqdim edilib və bildiriş ABŞ Dövlət Departamentinin Qanunvericilik İşləri Müdirliyi tərəfindən göndərilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top