
Qızılın qiyməti tarixi zirvələrə yaxınlaşdıqca, Çindən olan investorlar aktiv şəkildə qızıl alırlar.
Yeniavaz.com “Newsweek”ə istinadla xəbər verir ki, ekspertlər bu tendensiyanın Çinin ABŞ-dən iqtisadi asılılığını azaltmaq planının elementi olduğunu vurğulayırlar.
Belə ki, qızılın qiyməti son həftələrdə nəzərəçarpacaq dərəcədə yüksəliş göstərir. Bu yüksəlişin arxasında həm qlobal gərginliyin artırdığı tələb, həm də Çinin həyata keçirdiyi alışlar dayanır.
Bu baxımdan mütəxəssislər qızılın yenidən “təhlükəsiz liman”a çevrildiyini bildirirlər.
Ötən həftənin əvvəlində qızılın 1 unsiyasının qiyməti ilk dəfə olaraq 3500 dolları ötüb. O vaxtdan bəri qiymət təxminən 3300 dollara qədər geriləsə də, qızılın qiyməti hələ də ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz yüksəkdir.
Qızıl bazarını yaxından təqib edən “BullionVault” platformasının direktoru Edrian Eş çinli investorların son yüksəlişdə xüsusilə həlledici olduğunu, Şanxay Qızıl Birjasındakı əməliyyat həcmlərində əhəmiyyətli artımların olduğunu bildirib.
Ümumdünya Qızıl Şurasının baş bazar strateqi Cozef Kavatoni də son yüksəliş trendinin əsasən Çin tərəfindən idarə edildiyini və hazırda ölkənin mərkəzi bankının əməliyyatları ilə bağlı məlumat axınının rekord səviyyədə olduğunu bildirib.
Kavatoni Çinin son 15 ildə həm fərdi investorlar, həm də dövlət qurumları vasitəsilə müntəzəm olaraq qızıl aldığını, lakin ticarət gərginliyi və geosiyasi qeyri-müəyyənliklərin xüsusilə Tramp dövründən bu yana bu prosesi sürətləndirdiyini vurğulayıb.
Eşin fikrincə, qızılın qiymətinin qalxmasını sırf geosiyasi gərginliklə əlaqələndirmək natamam yanaşma olardı. Lakin Çinin ABŞ-dən qaynaqlanan iqtisadi riskləri azaltmaq və öz maliyyə suverenliyini möhkəmləndirmək məqsədi bu dövrdə açıq şəkildə hiss olunur.
Kavatoni mərkəzi bankların qlobal səviyyədə qızıl alışlarının rekord səviyyəyə çatdığını, Eş isə Çinin rəsmi ehtiyatlarına daxil olan qızılın miqdarının reallıqdan uzaq olduğunu bildirib. Eşin sözlərinə görə, Çin Xalq Bankı vaxtaşırı alış məlumatlarını Beynəlxalq Valyuta Fonduna (BVF) göndərsə də, bu məlumatların real alışları əks etdirdiyinə dair ciddi şübhələr var.
Nəticədə, Çinin rəsmi ehtiyatları ilə bazar təhlilinə əsaslanan proqnozlar arasında ciddi uçurum yaranır.
Ümumdünya Qızıl Şurası bildirir ki, 2025-ci ilin mart ayına Çinin rəsmi qızıl ehtiyatları 2 292 tondur. Bununla belə, bəzi müstəqil təhlillər bu məbləğin əslində 30 000 tondan çox ola biləcəyini iddia edir.
Mütəxəssislərin fikrincə, Çinin intensiv qızıl alışı dollara qarşı birbaşa maliyyə hedcinqi hesab olunur.