
Rusiya hökumətinin qərarına əsasən, Volqoqrad Beynəlxalq Hava Limanına rəsmi olaraq Stalinqrad adı verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Sənəddə qeyd olunur ki, hava limanına bu adın verilməsi coğrafi obyektə tarixi adın qaytarılması məqsədilə həyata keçirilib.
Volqoqrad hava limanına Stalinqrad adının verilməsi haqqında fərmanı isə aprelin 29-da Rusiya Prezidenti Vladimir Putin imzalayıb.
Fərmanda vurğulanır ki, bu qərar 1941–1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının qələbəsinin əbədiləşdirilməsi məqsədini daşıyır.
Prezident həmçinin qeyd edib ki, hava limanına tarixi adın verilməsi onun müəyyən olunan rəsmi adının dəyişdirilməsi demək deyil.
Qeyd edək ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov vilayət sakinlərinin hava limanına Stalinqrad adının verilməsi ilə bağlı müraciətini dövlət başçısına təqdim edib. Prezident Vladimir Putin bu müraciətə cavab olaraq bildirib:
“Yaxşı, onların sözü mənim üçün qanundur. Biz bunu edəcəyik”.
Xatırladaq ki, hazırkı Volqoqrad Beynəlxalq Hava Limanı 1930-cu illərdə Voroponovo dəmir yolu stansiyasının yaxınlığında yaradılıb və 1936-cı ildən etibarən yük və sərnişin daşımalarına başlanılıb. Müharibədən sonra şəhərin bərpası zamanı bu hava limanı artan ehtiyacları ödəyə bilmədiyi üçün 1952-ci ildə Qumrak aerodromuna köçürülüb və Stalinqrad adı ilə fəaliyyətini davam etdirib.
1956-cı ildə Sovet İKP MK-nın birinci katibi Nikita Xruşşov partiyanın XX qurultayında Stalinqrad adının dəyişdirilməsini təklif edib. 1961-ci ildə XXII qurultayda isə Stalinin şəxsiyyətə pərəstişkarlığı rəsmi şəkildə tənqid olunub və həmin il noyabrın 10-da Sovet rəhbərliyi “zəhmətkeşlərin xahişi ilə” Stalinqrad adının Volqoqrad olaraq dəyişdirilməsi barədə qərar qəbul edib. Hava limanı da həmin tarixdən etibarən Volqoqrad adı ilə tanınmağa başlayıb.
Murad Məmmədov