Qlobal hərbi xərclər 2 trilyon 718 milyard dollarla rekord həddə çatıb


Artan geosiyasi gərginliyin təsiri ilə qlobal hərbi xərclər 2024-cü ildə əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2 trilyon 718 milyard dollar olub.
Yeniavaz.com
xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu(SIPRI) 2024-cü il üçün qlobal hərbi xərclərlə əlaqəli hesabatını açıqlayıb.
Hesabatda keçən ilki artımda Avropa və Yaxın Şərqdə hərbi xərclərin kəskin artmasının təsiri olduğu vurğulanıb.
Qeyd edək ki, Ukraynadakı müharibənin də ümumi artışa təsiri olduğu bildirilir.
2024-cü ildə hərbi xərclərin ən çox olduğu 5 ölkə belə sıralanıb: ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan.
Hesabatda bildirilən məlumatlara görə, ABŞ-nin xərcləri 2024-cü ildə əvvəlki ilə görə 5,7 faiz artaraq 997 milyard dollar olub. Ölkənin hərbi xərcləri 2015-2024-cü illərdə 19 faiz artıb.
Çinin hərbi xərcləri isə 2015-2024-cü illərdə 59 faiz artıb. Keçən il bu ölkədə hərbi xərclərin 7 faiz artaraq 314 milyard dollar olduğu təxmin edilir.
Rusiyanın hərbi xərcləri 2024-cü ildə əvvəlki illə müqayisədə 38 faiz artaraq 149 milyard dollar olub.
Almaniyanın hərbi xərcləri 2015-2024-cü illərdə 89 faiz artıb. Ötən il isə bu ölkə sözügedən sahəyə 88,5 milyard dollar xərcləyib.
Hindistanın hərbi xərcləri isə cəmi 1,6 faiz artıb və 86,1 milyard dollar təşkil edib. Son 10 il ərzində isə bu ölkənin hərbi xərcləri 42 faiz artıb.

Lamiyə Məmmədova

DİGƏR XƏBƏRLƏR

Top