“New York Times” ilk dəfə Türkiyə üçün seçki proqnozu verdi


“New York Times” qəzetində dərc olunan məqalədə ilk dəfə olaraq Türkiyə üçün seçki proqnozu yer alıb.
Yeniavaz.com
xəbər verir ki, məqalədə Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsi və ondan sonra baş verən etirazlar xatırladılıb.
Həmçinin, İmamoğlunun Ərdoğana güclü alternativ ola biləcəyi ifadə edilib.
Nəşr məsələyə dünya liderlərinin reaksiyasının da zəif olduğunu bildirib.
Qəzet bir çox Avropa liderlərinin susduğunu, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin isə həbsin dərin narahatlıq doğurduğunu bəyan etdiyini qeyd edib.
“Anketlərə və siyasi analitiklərə görə, bu gün seçki keçirilsəydi, yəqin ki, İmamoğlu qalib gələcəkdi. Özünü sosial demokrat kimi təqdim edən 54 yaşlı İmamoğlu Mustafa Kamal Atatürkün 1919-cu ildə qurduğu sonradan müasir Türkiyə Respublikasının ilk iqtidar partiyası olan Cümhuriyyət Xalq Partiyasının üzvüdür”, - deyə məqalədə vurğulanıb.
Məqalədə həmçinin, İmamoğlunun 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçildiyi, lakin Ərdoğanın partiyasının seçkini ləğv etdiyi vurğulanaraq, İmamoğlunun ikinci seçkini daha açıq şəkildə qazandığı qeyd olunub:
“İmamoğlunun həbsi Ərdoğanın yenidən Türkiyə prezidenti olmaq istədiyinə işarədir. Onun bu məqsədə doğru növbəti addımı növbəti seçkilərin keçirildiyi 2028-ci ildə yenidən namizədliyini irəli sürməsinə mane olacaq müddət məhdudiyyətlərindən qaçmağa çalışmaq olacaq. O, bunu növbədənkənar seçkilər çağırmaqla və ya Konstitusiyaya dəyişiklik etməklə edə bilər”.
Məqələdə qeyd olunur ki, Avropanın Ərdoğana təsir etmək üçün rıçaqları var: Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşıdır və bir sıra digər Qərbi Avropa ölkələri də onlardan geri qalmır.
Bu ölkələr "öz səslərini ucaldaraq" Ərdoğana açıq şəkildə göstərə bilərlər ki, Türkiyə ticarət, miqrasiya və hərbi satınalmalar kimi onun üçün vacib olan geniş spektrli məsələlərdə əməkdaşlıq riskini gözə alır.

DİGƏR XƏBƏRLƏR

Top