
Türkiyə tərəflərin razılığı ilə Rusiya və ABŞ liderləri arasında görüş təşkil etməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Niyə də olmasın? Türkiyə bu gün diplomatiya mərkəzi rolunu oynayır, Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğana hər iki tərəf etibar edir. Düşünürəm ki, tərəflər hazır olsalar və razılaşsalar, Türkiyədə belə bir görüşü təşkil etmək olar”, - mənbə bildirib.
Qeyd edək ki, aprelin 24-də ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmək ehtimalının az olduğunu bildirib. Ağ Ev rəhbəri vurğulayıb ki, Rusiya Prezidenti ilə görüş onun o ölkəyə səfərindən sonra baş tuta bilər.
Həmin gün Ağ Evin mətbuat katibi Kerolayn Levitt bəyan edib ki, hazırda ABŞ prezident administrasiyasında Donald Tramp və Vladimir Putin arasında mümkün görüş barədə məlumat yoxdur.
Aprelin 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Putin və Tramp öz cədvəllərini müəyyən edəcəklər. O, həmçinin vurğulayıb ki, Moskva həmişə Rusiya nümayəndələrinin dialoqa hazır olan insanlarla görüşməsinə tərəfdardır.