
Şimali Koreya hökuməti öz xəbər agentliyi vasitəsilə elan edib ki, ölkə silahlı qüvvələrinin bölmələri Rusiya ordusu ilə birlikdə “Ukrayna hakimiyyətinin Rusiyaya avantürist hərbi təcavüzünü dəf etmək üçün” Kursk vilayətinin azadetmə əməliyyatını zəfərlə başa vurub.
Yeniavaz.com xəbər verir ki, bununla da Pxenyan Rusiyaya kömək etmək üçün öz ordusunu göndərdiyini ilk dəfə etiraf edib.
“Ukrayna 2024-cü ilin avqustunda qardaş Rusiyanın suverenliyini kobud şəkildə pozduqdan sonra Şimali Koreya lideri yoldaş Kim Çen In Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında Ukraynanın işğalçıları ilə müharibə aparmaq qərarına gəlib”, - Şimali Koreya dövlət agentliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Şimali Koreya ordusunun əsgərləri Kursk vilayətinin azad edilən ərazilərində “kütləvi qəhrəmanlıq və fədakarlıq” nümayiş etdirib və “Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”.
Pxenyan Rusiyaya kömək üçün nə qədər hərbçi göndərdiyi və nə qədər əsgərin öldüyü barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, Şimali Koreyanın Rusiya ordusuna dəstək üçün öz ordusunu göndərməsi barədə ilk xəbərlər 2024-cü ilin oktyabrında ortaya çıxıb. Mövcud məlumatlara görə, Pxenyan Rusiyaya ən azı 11 min hərbçi verib. Bunlardan təxminən 4 mini ölüb.
Bir çox mənbə, həmçinin Pxenyanın Rusiyaya silah tədarük etdiyini də təsdiqləyib. 2025-ci ilin aprelində “Newsweek” Cənubi Koreya Müdafiə Təhlili Mərkəzinə istinadən Şimali Koreyanın bu yolla 20 milyard dollar qazandığını yazıb.