
ABŞ-də 12 ştat Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsində iddia qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, Nyu-York, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Oreqon və Vermont ştatları rüsumların qaldırılmasını tələb edib.
“Prezident konstitusiya quruluşunu sarsıdıb və Amerika iqtisadiyyatına xaos gətirib”, - deyə iddiada qeyd edilib.
İqtisadiyyata ziyan vurmaqla yanaşı, dövlət başçısı Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunur.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Nəticədə, Vaşinqton müxtəlif ölkələr üçün 10-50% arasında dəyişən rüsumlar tətbiq edib. Tramp vurğulayıb ki, dünyanın 75 ölkəsinin səlahiyyətliləri artıq danışıqlar üçün ABŞ-yə müraciət edib.