Zelenskinin bəyanatından sonra Londona səfərini ləğv etdi


ABŞ Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra Ukraynada sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona səfərini ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, aprelin 23-də Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır.
Nəşr yazır ki, Zelenski çərşənbə axşamı jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.
Qəzet yazır ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Londondakı görüşə gedib-getməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Hələlik yalnız ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun iştirakı təsdiqlənib. İclasda Böyük Britaniya, Fransa və Kiyev hakimiyyətinin nümayəndələri də iştirak edəcək. Ukrayna nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andriy Sibiqa və müdafiə naziri Rustem Umerov daxil olacaq.
Britaniyanın “The Daily Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək iclasda ABŞ yeddi bəndlik həll planını təqdim edəcək. Nəşrin adı açıqlanmayan mənbəyə istinadla verdiyi məlumata görə, Vaşinqton dərhal atəşkəs, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, Rusiyanın Krım üzərində suverenliyini və de-fakto ABŞ tərəfindən tanınmasını təklif edəcək.
Plana həmçinin Zaporojye AES-in ABŞ-nin nəzarətinə keçməsi, Kiyev və Vaşinqtonun mineral ehtiyatlara dair saziş imzalaması, ABŞ-nin Rusiyaya qarşı bütün sanksiyalarının götürülməsi, ABŞ və Rusiya arasında enerji sahəsində əməkdaşlığa başlanması daxildir.

DİGƏR XƏBƏRLƏR

Top