
“Siyasi solun hücumlarından yorulan ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinə (DOGE) nəzarət edən İlon Mask ABŞ administrasiyasını tərk etməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Maskın gedişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun xüsusi dövlət işçisi statusunun mayın sonunda başa çatacağı gözlənilir. Nəşrin adını açıqlamayan mənbəsinin sözlərinə görə, milyarder solçu siyasətçilərin xoşagəlməz və qeyri-etik hücumlarına dözməkdən yorulub:
“Mask hesab edir ki, onun yoxluğu DOGE-nin işinin səmərəliliyinə mənfi təsir göstərməyəcək, çünki departamentin əməkdaşları prosesi artıq qurublar”.
Amerikanın “Politico” qəzetinin aprelin 2-də verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaxın adamlarına Maskın oynadığı siyasi rolun yaxın həftələrdə azalacağını bildirib. Nəşrin mənbələri bildirirlər ki, Mask ilk növbədə biznesə diqqət yetirəcək və dəstəkləyici siyasi rol oynayacaq, ehtimal ki, Trampın qeyri-rəsmi məsləhətçisi mövqeyini qoruyub saxlayacaq.