Kanada nəzəri olaraq Aİ-yə daxil ola bilər – “Politico”


Kanadanın Avropa İttifaqına (Aİ) daxil olmaq ehtimalı azdır, lakin mümkündür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti ekspertlərə istinadla məlumat yayıb.
Kanadanın “Abacus Data” araşdırma şirkəti tərəfindən mart ayında açıqlanan sorğunun nəticələrinə görə, kanadalıların 44%-i ölkənin Aİ-yə daxil olmasını dəstəkləyir, 34%-i isə əleyhinədir.
Nəşrin yazdığına görə, Avropa Komissiyasının (AK) mətbuat katibi Paula Pinyo qeyd edib ki, Avropa İttifaqına üzvlük üçün yalnız Avropa ölkələri müraciət edə bilər.
“Kanada, şübhəsiz ki, Aİ-yə qoşulmaq üçün uyğun ola bilər. O, yəqin ki, hazırkı namizəd ölkələrin bir çoxundan daha çox Avropa dəyərlərinə, institutlarına və siyasətlərinə yaxındır”, - deyə Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunun Avropa siyasəti üzrə professoru Frank Şimmelfenniq bildirib.
Maastrixt Universitetində Aİ-nin demokratiyaya xarici dəstəyi professoru Jizel Bosse isə avropalılığın daha çox düşüncə tərzi olduğunu qeyd edib.
Bosse eyni zamanda xatırladıb ki, rəsmi və hüquqi nöqteyi-nəzərdən “Avropa dövləti” anlayışı sabit deyil və yalnız kontinental Avropa ilə məhdudlaşmır: bir çox Aİ ölkələrinin Karib dənizində, Sakit okeanda və ya Arktikada xarici əraziləri var.
Professor kanadalıları “müəyyən mənada xüsusi avropalılar” adlandırıb, çünki onların bir çoxunun əcdadları Avropadan gəlir.
“Buna baxmayaraq, Kanadanın Avropaya mənsub olduğunu sübut etmək son dərəcə çətin olardı”, - deyə Avropa İslahatları Mərkəzinin analitik mərkəzinin direktor müavini İen Bond bildirib.
“Kanada “avropalılıq” sınağından keçsə belə, buna praktiki iqtisadiyyat mane olacaq. O, Aİ-yə daxil olarsa, ölkə ABŞ ilə gömrük sərhədi yaratmalı və ABŞ mallarının idxalına tariflər və məhdudiyyətlər tətbiq etməli olacaq”, - o qeyd edib.
Bond bu cür dəyişikliklərin ölkəyə ciddi iqtisadi ziyan vuracağını və mənfi tərəflərin uzun müddət müsbət tərəfləri üstələyəcəyini bildirib.
Qeyd edək ki, hazırda Aİ üzvlüyünə doqquz ölkə namizəddir: Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro. Bundan əlavə, Aİ tanınmamış Kosovonu da namizəd hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top