
ABŞ-nin rəsmi hökumət portalında COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 virusunun mənşəyi ilə bağlı yeni internet səhifəsi istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, səhifədə virusun təbiət deyil, laboratoriya mənşəli ola biləcəyini göstərən arqumentlər yer alıb və bu məsələ ətrafında qızğın müzakirələrə yol açıb.
Yeni səhifədə qeyd olunur ki, SARS-CoV-2 virusu "təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malikdir" və əvvəlki pandemiyalardan fərqli olaraq, insanlar yalnız bir dəfə təmas nəticəsində yoluxublar. Bu xüsusiyyət virusun süni şəkildə dəyişdirilməsi ehtimalını gündəmə gətirir.
Məlumatda xüsusi vurğulanır ki, Çinin Uhan şəhərində yerləşən Virusologiya İnstitutu SARS tipli virusların araşdırılması sahəsində aparıcı laboratoriyadır və burada virusların genomu üzərində redaktə və dəyişiklik təcrübələri qeyri-adekvat biotəhlükəsizlik şəraitində aparılıb. ABŞ rəsmiləri bildiriblər ki, laboratoriyanın bəzi əməkdaşları hələ 2019-cu ilin payızında – yəni virusun Uhan bazarında yayıldığı tarixdən əvvəl – COVID-19-a bənzər simptomlarla xəstələniblər.
Səhifədə yer alan fikrə görə, “əgər virusun təbii mənşəyi ilə bağlı elmi sübutlar mövcud olsaydı, bu vaxta qədər açıqlanardı. Lakin belə sübutlar yoxdur”, – deyə vurğulanır.
Ağ Evin saytında yerləşdirilən bu səhifədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da sərt tənqid olunub. Bildirilir ki, ÜST "Çin Kommunist Partiyasının təzyiqlərinə boyun əyib" və Çinin siyasi maraqlarını beynəlxalq öhdəliklərindən üstün tutub.
Həmçinin, ABŞ Prezidenti Donald Trampın administrasiyası sabiq prezident Co Baydenin tibbi müşaviri olmuş Entoni Faucini də hədəf alıb. İddiaya görə, Fauci SARS-CoV-2 virusunun laboratoriyada yaradıldığı versiyasını gözdən salmağa və virusun təbii mənşəli olduğu fikrini ictimai rəyə qəbul etdirməyə çalışıb.