
Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ictimai nizam-intizamın təmin olunması ilə bağlı sərt mesajlar verib.
Yeniavaz.com BELTA agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Toloçin kilsəsini ziyarəti zamanı çıxış edib.
Prezident bildirib ki, məbədə yaxınlaşarkən rayon icraiyyə komitəsinin sədri ilə Toloçin rayonunun fəaliyyəti barədə fikir mübadiləsi aparıb. Lukaşenko qeyd edib ki, göstəricilərə görə bu rayon yalnız Vitebsk vilayətində deyil, ümumilikdə ölkə üzrə də ən yaxşı rayonlardan biri sayılır.
O, xüsusilə Vitebsk vilayətində mal-qaranın tələfatı ilə bağlı yoxlamaların aparılacağını açıqlayıb: “Mən müşahidə etdim ki, bizim çox kömək etdiyimiz insanlar işlərinə ciddi yanaşmır. Ona görə də açıq deyirəm: bu il ölkəmizdə ictimai nizam-intizamın bərpası baxımından çox ciddi olacaq”.
Abadlıq ili haqqında da danışan Belarus prezidenti bildirib ki, söhbət yalnız küçə süpürməkdən və ağac əkməkdən getmir: “Kənddə və ya şəhərdə yaşamasından asılı olmayaraq, hər bir vətəndaş öz həyətinə və bağ sahəsinə qayda-qanun gətirməlidir”.
Lukaşenko həmçinin vurğulayıb ki, ölkədə boş və ya tərk edilmiş torpaq sahələri qalmamalıdır.