
Aprelin 19-da Rusiya və Ukrayna daha bir əsir mübadiləsi həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mübadilə “246-ya 246” sxemi üzrə həyata keçirilib.
“Həmçinin, xoşməramlılıq əlaməti olaraq 31 yaralı hərbi əsir təcili tibbi yardıma ehtiyacı olan 15 yaralı rus hərbçisinin müqabilində təhvil verilib”, - məlumatda deyilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bütün rusiyalı hərbçilər hazırda Belarus ərazisindədirlər və sonra müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.
Rusiya tərəfi qeyd edib ki, əsirlərin mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.
Ukrayna hakimiyyəti hələlik məhbus mübadiləsinə münasibət bildirməyib.