
Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə Rusiya telekanallarının sayını azaltmağın zəruriliyini bəyan edib.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, o bu barədə parlamentdəki çıxışında bidirib.
“Hesab edirəm ki, bizim ictimai multipleksimizdə xarici televiziya şirkətlərinin iştirakı əhəmiyyətli dərəcədə azaldılmalıdır”, - o qeyd edib.
Eyni zamanda, Akopyan vurğulayıb ki, o, hazırda Ermənistanın ictimai multipleksinə daxil olan Rusiya telekanallarının əleyhinə deyil, prinsipcə bu siyahıya daxil olan xarici telekanalların əleyhinədir.
Qeyd edək ki, bundan əvvəl yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bəyan etmişdi ki, Rusiya və Ermənistan Rusiya telekanallarının yayımı məsələsində razılığa gəlməsələr, o zaman Ermənistan hakimiyyəti yayım müqaviləsini ləğv edə bilər.
Ermənistan tənzimləyicisi artıq “Vladimir Solovyovla bazar axşamı” və “Vladimir Solovyovla axşam” müəllif proqramlarının yayımını qadağan edib.
Xatırladaq ki, Ermənistanda 12 erməni və üç rus kanalı – “Birinci Kanal”, “Kultura” və “RTR-Planeta” ictimai multipleks vasitəsilə retranslyasiya edilir. Ermənistanda həmçinin mərkəzi ofisi Moskvada yerləşən dövlətlərarası “Mir” telekanalı da yayımlanır.