
Almaniya hökuməti Türkiyəyə “Eurofighter Typhoon” qırıcı təyyarələrinin satışına razılıq verməyib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, qərarın səbəbi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və Türkiyədə demokratiyanın geriləməsi ilə izah edilib.
Almaniyanın “Handelsblatt” iqtisadiyyat qəzetinin 17 aprel 2025-ci il tarixli xəbərinə görə, Almaniya Əkrəm İmamoğlunun saxlanmasını “demokratiyaya hücum” kimi qiymətləndirərək, satış prosesini dayandırıb.
Belə ki, ABŞ-dən F-35-lərin alınması ilə bağlı qeyri-müəyyənliklər fonunda Türkiyə “Eurofighter”lərin alınması üçün müraciət edib. İngiltərə və İspaniya satışı dəstəkləyib, Almaniya isə ilkin olaraq ehtiyatlı davranıb. Lakin baş nazir Olaf Şoltsun Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşlərindən sonra Almaniya satışı dəstəkləməyə başlayıb.
Türkiyə müdafiə naziri Yaşar Gülər də satışın 2024-cü ilin sonunda təsdiqləndiyini açıqlayıb.
Əkrəm İmamoğlunun həbsi ilə Almaniya hökumətinin məsələyə münasibəti dəyişib.
Xəbərə görə, Berlin bu vəziyyəti demokratik dəyərlərə zidd hesab edərək, satışın siyasi baxımdan uyğun olmadığına qərar verib.