
ABŞ yaxın günlərdə əmin olmaq istəyir ki, Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər, əks halda, çox güman ki, prosesdə iştirakını davam etdirməkdən imtina edəcək.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio Parisdən yola düşməzdən əvvəl jurnalistlərə Vaşinqtonun mövqeyi barədə danışarkən deyib.
Aprelin 17-də Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndələri Keyt Kelloq və Stiv Uitkoff Parisdə Ukrayna, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri ilə görüşlər keçiriblər.
Rubionun sözlərinə görə, ABŞ yaxın bir neçə həftə ərzində sülh razılaşmasının əldə edilməsinin nə dərəcədə real olduğunu öyrənmək istəyir. O bildirib ki, bu mümkün görünsə, ABŞ prosedə iştirak etməyə davam edəcək, olmazsa, onların diqqətini cəmləməsi lazım olan digər prioritetləri var.
Dövlət katibinin sözlərinə görə, Prezident Donald Tramp 87 gündür ki, müharibəni bitirmək üçün ən yüksək səviyyədə işləyir və buna nail olub-olmayacağına qərar vermək vaxtı çatıb.
Marko Rubionun sözlərinə görə, Ukraynadakı müharibə dəhşətlidir, lakin bu, Amerikanın müharibəsi deyil:
“ ABŞ üç ildən artıqdır ki, Ukraynaya yardım edir və bunun bitməsini istəyir”.