
ABŞ-nin Yəmənin Ras İsa neft limanına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 74-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 170-dən çox insan yaralanıb.
***09:38
ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ən azı 38 nəfər ölüb, 102 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən və neft terminalının olduğu “Ras İsa” limanı cümə günü gecə havadan hücuma məruz qalıb. Limanda böyük yanğın baş verib.
ABŞ Hərbi Hava Qüvvələri ən azı 14 reyd həyata keçirib və bu reydlər həkimlər və mülki müdafiə personalı hadisə yerinə gəldikdən sonra davam edib. Tibb işçiləri arasında da ölüm halları var.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da öz növbəsində “Ras İsa” limanının dağıdılması barədə məlumat verib.
Onun “X”də verdiyi açıqlamaya görə, bu, üsyançıları neft məhsullarının satışından və yanacağa çıxış imkanlarından məhrum edib.
Digər tərəfdən, cümə axşamı günü səhər saatlarında Yəmən üsyançılarının lideri Abdel Malik əl-Husi ABŞ ordusunun husilərin nəzarətində olan Yəmən ərazisinə bir ay ərzində 900-dən çox zərbə endirdiyini bildirib. O, həmçinin bildirib ki, ay ərzində üsyançı qüvvələr Qırmızı dənizdə İsrail ərazisinə və Amerika hərbi gəmilərinə 78 dəfə hücum edib. “Ənsar Allah” liderinin sözlərinə görə, husilər əməliyyatları üçün 170-dən çox pilotsuz təyyarə, həmçinin qanadlı və ballistik raketlərdən istifadə ediblər.
Qeyd edək ki, martın 15-də ABŞ Prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır. Buna cavab olaraq “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimalında ABŞ-ın “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələrdən istifadə edərək silsilə hücumlar həyata keçirib. Zərbələr nəticəsində gəmiyə dəyən ziyan barədə məlumat verilməyib.
Xatırladaq ki, 2023-cü ildə Qəzzada münaqişənin şiddətlənməsindən sonra husilər İsrail ərazilərini atəşə tutacaqları və onlara bağlı gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq ediblər. Hücumlar bu il yanvarın ortalarında Fələstin anklavında atəşkəs elan edildikdən sonra dayandırılıb, lakin martın əvvəlində atəşkəs pozulduqdan sonra üsyançılar Qırmızı dənizdə İsrail gəmilərinə hücumları bərpa etdiklərini və daha sonra yenidən yəhudi dövlətinin daxilindəki hədəflərə raketlərlə hücum etməyə cəhd etməyə başladıqlarını açıqlayıblar.