Ceyhun Bayramov Suriyalı həmkarı ilə danışdı


14 aprel 2025-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında  geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.
Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top