
Ankarada gözlənilən güclü qar səbəbindən sabah təhsil bir günlük dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə paytaxtının valisi Vasip Şahin bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Son meteoroloji qiymətləndirmələrə görə, 11 aprel cümə gününün ilk saatlarından başlayacaq qarın vilayətdə günorta saatlarına qədər güclü olacağından, yerlərdə 15 santimetrə qədər qar örtüyü qalması, həmçinin güclü külək və tufan gözlənildiyi üçün bütün pillələrdə təhsil müəssisələrimizdə 1 günlük tədris dayandırılacaq”, - vali yazıb.
Şahin qeyd edib ki, həmçinin 10 yaş və altı uşaqları olan qadın məmurlar, hamilə və əlil dövlət qulluqçuları inzibati məzuniyyətdə sayılacaq.