
ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Suspilna”ya ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“O, üç il Ukraynada səfir olub - bu, müharibə zonasında uzun müddətdir”, - Dövlət Departamenti Ukrayna nəşrinə bildirib.
“CBS News”un məlumatına görə, Brink Donald Trampın andiçmə mərasimindən qısa müddət sonra vəzifəsini tərk etmək niyyətində idi, lakin o zaman onun istefası qəbul edilməyib.
FT-nin müxbiri Kristofer Miller öz növbəsində mənbələrə istinadən xəbər verib ki, Brinkin ABŞ-nin Ukraynadakı səfiri vəzifəsindən istefa verməsinin səbəbi onun ABŞ-nin yeni prezidenti administrasiyasının siyasəti ilə razılaşmaması, eləcə də şəxsi səbəblər olub. Jurnalist qeyd edib ki, Brink son vaxtlar həm Tramp administrasiyası, həm də Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təzyiqlərə məruz qalıb.
Qeyd edək ki, Bridcet Brink prezident Co Bayden tərəfindən 25 aprel 2022-ci ildə ABŞ-nin Ukraynadakı səfiri vəzifəsinə irəli sürülüb. Rusiya qoşunlarının genişmiqyaslı işğalı başlayandan sonra ABŞ Ukraynanın əsas müttəfiqlərindən birinə çevrilib. Co Baydendən sonra ABŞ prezidenti postunu tutan Donald Tramp əsas məqsədlərindən biri kimi Ukraynada müharibəyə son qoymağı müəyyənləşdirib. Eyni zamanda Tramp bəyan edib ki, Ukrayna verilən hərbi yardım müqabilində Amerika şirkətlərinə öz təbii ehtiyatlarından istifadə üçün üstünlük verməlidir.