İran MAQATE müfəttişlərini ölkədən çıxarmaqla hədələyib


“ABŞ və İsrail İslam Respublikasını hərbi güclə hədələməyə davam edərsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıracaq və bütün agentlik müfəttişlərini ölkədən qovacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şəmxani deyib.
“Davam edən xarici təhdidlər və İrana hərbi hücum etmək cəhdləri Beynəlxalq Atom Enerjisi Agentliyindən müfəttişlərin qovulması və onunla əməkdaşlığın dayandırılması kimi çəkindirici tədbirlərin tətbiqinə gətirib çıxara bilər. Digər bir tədbir zənginləşdirilmiş uranın İran daxilində təhlükəsiz və naməlum yerlərə köçürülməsi ola bilər”, - general bildirib.
Qeyd edək ki, martın 7-də ABŞ Prezidenti Donald Tramp Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılmasını təklif edən mesaj göndərdiyini açıqlayıb. Tehran ABŞ ilə birbaşa dialoqdan imtina edib, lakin danışıqların vasitəçilər vasitəsilə davam etdirilməsinə icazə verib.
Martın 30-da Tramp nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə iki həftə ərzində İrana əlavə rüsumlar tətbiq edəcəyini bildirib. O, həmçinin sazişdən tamamilə imtina ediləcəyi təqdirdə İslam Respublikasını görünməmiş bombardmanlarla hədələyib. Cavabında Xamenei qeyd edib ki, o, ABŞ-nin hərbi müdaxiləsi ehtimalına inanmır.
Aprelin 7-də İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail İranın nüvə silahı əldə etməməsi üçün əlindən gələni edəcək.
Aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək və orada İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması parametrləri müzakirə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top