
ABŞ prezidenti Donald Tramp bütün Çin mallarına tətbiq edilən ticarət tariflərinin 104%-dən 125%-ə qaldırıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, qərarını Çinin qlobal bazarlara göstərdiyi “hörmətsizlik” ilə izah edib.
ABŞ Prezidentinin sözlərinə görə, bu dəyişikliklər dərhal qüvvəyə minəcək.
“Hansısa məqamda, ümid edirəm ki, yaxın gələcəkdə Çin ABŞ-ni və digər ölkələri soymağın qəbuledilməz olduğunu başa düşəcək”, - Tramp “Truth” sosial media platformasında yazıb.
O bildirib ki, 75-dən çox ölkə tariflərlə bağlı danışıqlar aparmağı xahiş edib və ABŞ-yə qarşı cavab tədbirləri görməyib. Bununla əlaqədar Donald Tramp bu ölkələrə qarşı əlavə rüsumların tətbiqini 90 gün təxirə salmaq qərarına gəlib. Bu müddət üçün bu ölkələrə 10% tarif tətbiq olunacaq. Tramp hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Çindən idxal edilən məhsullara əlavə 50% rüsum tətbiq etmiş və bu göstərici 84 faizə yüksəlmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz