
ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının ümumilikdə 1 trilyon dollarlıq müdafiə büdcəsi hazırladığını bildirib.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, o bu barədə İsrail Baş Naziri Benyamin Netanyahu ilə görüşündə deyib.
“Biz faktiki olaraq təxminən 1 trilyon dollar təşkil edən büdcəni təsdiqlədik. Bəli, 1 trilyon dollar. Heç kim heç vaxt belə bir şey görməyib. Biz güclü olmalıyıq, çünki hazırda ətrafımızda çoxlu pis qüvvələr var. Ona görə də, büdcəni təsdiq edəcəyik və mən fəxr edirəm ki, bu, bizim indiyədək orduya təqdim etdiyimiz ən böyük büdcə olacaq”, - Tramp qeyd edib.
Pentaqonun rəhbəri Pit Heqset də iclasda iştirak edib. Lakin o, prezidentin yeni büdcə ilə bağlı dediklərini dərhal şərh etməyib.
Daha sonra Heqset “X” sosial şəbəkə hesabında: “Tezliklə: Müdafiə Nazirliyi üçün ilk trilyon dollarlıq büdcə. Prezident Trump ordumuzu sürətli şəkildə yenidən qurur”, - sözləri ilə başlayan bir mesaj yerləşdirib.
Amerika mediasının qeyd etdiyi kimi, Tramp və Heqsetin hərbi büdcə ilə bağlı açıqlamaları sürpriz olub. Çünki layihənin mayın sonundan əvvəl təqdim olunacağı nəzərdə tutlmayıb.
2024-cü il üçün isə müdafiə büdcəsi 841 milyard dollar təşkil edib.