
Almaniyalı yarımmüdafiəçi Tomas Müller cari mövsümün sonunda Münhenin “Bavariya” futbol klubunu tərk edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə idmançı özünün “İnstaqram” səhifəsində məlumat verib.
“Gələcəyimlə bağlı çoxlu fərziyyələrdən sonra bir qədər aydınlıq gətirmək istədim. Bu mövsüm neçə dəqiqə oynamağımdan asılı olmayaraq, komandamızın oyunçuları ilə oynamaqdan həzz alıram və gələn mövsüm də onlarla ola bilərdim, lakin klub şüurlu şəkildə yeni mövsüm üçün mənimlə müqavilə danışıqları aparmamağa qərar verdi. İdarə Heyətinin bu addımına hörmətlə yanaşıram”, - Müller deyib.
“İndi bütün diqqətimiz mövsümün hədəflərinə yönələcək. Almaniya çempionluğunu Münhenə qaytarmaq və evdə çoxdan gözlənilən Çempionlar Liqasının finalına çıxmaq mənim üçün ən böyük arzudur”, - o əlavə edib.
Qeyd edək ki, Müllerin 35 yaşı var. O, “Bavariya”nın yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.
Münhen komandasının tərkibində yarımmüdafiəçi 12 dəfə Almaniya çempionu olub ki, bu da rekord göstəricidir. Onun, həmçinin ölkə kubokunda altı, superkubokda səkkiz, Çempionlar Liqasında isə iki qələbəsi var. Yarımmüdafiəçi isə iki dəfə Klublararası Dünya Kubokunu və UEFA Superkubokunu qazanıb.
Müller həmçinin “Bavariya”nın heyətində 247 qol vuraraq, bütün zamanların bombardirləri siyahısında üçüncü yeri tutub. Futbolçu həm də klubda keçirdiyi matçların (743) və məhsuldar ötürmələrin sayına (170) görə də rekordçudur.
Almaniya millisinin tərkibində isə Müller 2014-cü ildə Dünya Çempionu olub, 2010-cu ildə Dünya Çempionatında bürünc medal qazanıb və beş qolla turnirin dörd bombardirindən biri olub. Müller həm də milli ilə iki dəfə Avropa çempionatında bürünc medal qazanıb.
Bu mövsüm Müller 36 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Bavariya” Almaniya çempionatına 28 oyundan sonra 68 xalla başçılıq edir. Çempionlar Liqasında İtaliya “İnter”i ilə qarşılaşacaq komanda 1/4 finala yüksəlib. Turnirin finalı mayın 31-də “Bavariya”nın doğma arenasında baş tutacaq.