
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Yun Sok Yolun hakimiyyətdən birdəfəlik uzaqlaşdırılması ilə bağlı impiçmenti təsdiqləyib.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, səkkiz hakimin hamısı impiçmentə səs verib.
Cənubi Koreyada prezidenti hakimiyyətdən uzaqlaşdırmaq üçün səkkiz hakimdən ən azı altısının səsi lazımdır.
Hakimlər belə nəticəyə gəliblər ki, hərbi vəziyyətin tətbiqi üçün heç bir hüquqi əsas yoxdur. Konstitusiya bunu yalnız müharibə, silahlı münaqişə və ya digər milli fövqəladə hallar zamanı etməyə icazə verir.
Digər tərəfdən, hakimlər Yun Sok Yolun ordudan siyasi məqsədlər üçün istifadə etdiyinə bildirərək, onun hərbçiləri parlamentə göndərərək qanunu pozduğuna qərar veriblər.
Hakimlər həmçinin, parlamentin fəaliyyətini qadağan edən hərbi vəziyyət fərmanının Cənubi Koreya vətəndaşlarının əsas hüquqlarını pozduğunu bildiriblər.
Başqa bir ittiham isə prezidentin təqib olunmasını əmr etdiyi və keçmiş hakimlərin də daxil olduğu şəxslərin siyahısını tərtib etməklə bağlıdır.
Bununla da, hakimlər keçmiş prezidentin konstitusiyaya əməl etmədiyi barədə qərar veriblər.
Yun Sok Yol özü isə ittihamları rədd edir və hesab edir ki, hərbi vəziyyətin tətbiqi ilə bağlı siyasi qərarın etibarlılığına hüquqi baxımdan etiraz etmək olmaz.
Qeyd edək ki, dekabrın 14-də parlament hərbi vəziyyətlə əlaqədar Yun Sok Yola qarşı impiçment elan edib. Deputatlar prezidentə qarşı 5 ittiham irəli sürüblər.
Xatırladaq ki, keçmişdə Cənubi Koreyanın Konstitusiya Məhkəməsi müvafiq olaraq 2004 və 2017-ci illərdə prezidentlər No Mu Hyon və Pak Kın Heyə qarşı iki impiçment işinə baxıb. Birincisi vəzifəsinə bərpa edilib, ikincisi isə hakimiyyətdən uzaqlaşdırılıb.