
Amerikanın MLS liqası “İnter Mayami”nin hücumçu Lionel Messinin mühafizəçisi Yassin Çeukonun oyun zamanı futbol meydançasına çıxmasına qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bolavip” portalı məlumat yayıb.
Məlumata görə, liqa bu qadağanı hər bir stadionda mühafizəçilərin olması ilə əsaslandırıb.
Belə ki, Messinin mühafizəçisi daha əvvəl bir neçə dəfə pərəstişkarlarının Messi ilə şəkil çəkdirmək üçün meydançaya qaçmasından sonra meydançaya çıxmaq məcburiyyətində qalıb.
“Artıq meydançaya çıxmağıma icazə verilmir. Yeddi il Avropada, “Liqa 1” və Çempionlar Liqasında işləmişəm. Bu müddət ərzində meydançaya azarkeşlərdən cəmi 6 nəfər çıxıb. ABŞ-yə gəldiyim vaxtdan cəmi 20 ay ərzində isə 16 belə cəhd olub. Burada böyük problem var və bu problem mən deyiləm. İcazə verin Leoya kömək edim. Amma təbii ki, mən liqanın qərarını da başa düşürəm”, - deyə Çeuko bildirib.
Qeyd edək ki, Çeuko İraq və Əfqanıstanda döyüş təcrübəsi olan ABŞ ordusunun keçmiş xüsusi təyinatlı əsgəri, döyüş ustası və bir neçə MMA döyüşünün iştirakçısıdır.