Ermənistanda deputat mandatından imtina etdi


Hakim “Mülki Müqavilə” partiyasından olan deputat Vilen Qabrielyan deputat mandatından imtina edib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Deputat bildirib ki, o, Gümrüdəki qalmaqallı davranışından sonra bu addımı atıb. 
Qabrielyan sosial şəbəkə hesabındakı paylaşımında siyasi proseslərdə məsuliyyət mədəniyyətinin əsas rol oynadığını və bunun üçün onun müvafiq iradə və qətiyyətə malik olduğunu yazıb.
“Buna görə də, mən hamınızdan açıq şəkildə üzr istəyirəm və Milli Məclisin deputatı kimi istefa verdiyimi rəsmən elan edirəm. Müəyyən edilmiş qaydada ərizəmi bu gün Milli Məclisin ofisinə təqdim edəcəyəm”, - deyə deputat əlavə edib.
Digər tərəfdən, Ermənistan parlamentinin spikeri Alen Simonyan artıq “Mülki Müqavilə” fraksiyasının deputatı Vilen Qabrielyandan mandatdan imtina etmək barədə ərizə alıb. Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
“Vilen Qabrielyanın ərizəsi artıq daxil olub”, - deyə o, təsdiqləyib.
Qeyd edək ki, Qabrielyan 7 gün ərzində müraciətini geri götürməsə, onun xahişi təmin olunacaq.
Xatırladaq ki, Qabrielyan Gümrü şəhərində görüş zamanı jurnalistləri təhqir edərək, xoşagəlməz ifadələrə yol verib.

DİGƏR XƏBƏRLƏR

Top