Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçdi


Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası yerli KİV-ə istinadla məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində 1002 nəfər ölüb, daha 2 min 376 nəfər yaralanıb.
Digər tərəfdən, Tailandın meteorologiya departamenti Myanmada baş verən zəlzələdən sonra 77 afterşok qeydə alıb.
MRTV kanalının məlumatına görə, Myanmada baş verən zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Baş nazir Min Aun Xlayn təcili axtarış-xilasetmə əməliyyatlarına göstəriş verib. Telekanalın məlumatına görə, təbii fəlakətdən ən çox zərər çəkən əyalətlər Saqayn, Mandalay, Maqvey, Baqo, Şan ştatı və paytaxt Neypido olub.
Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Müxtəlif mənbələrə görə, onun maqnitudası 7,7-7,9 arasında dəyişib. Bundan sonra 6,4 bal gücündə ikinci zəlzələ baş verib. Güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.

DİGƏR XƏBƏRLƏR

Top