
Ermənistanın parlament çoxluğu müstəqil deputat Ovik Ağazaryana və müxalifətin “Şərəfim var” fraksiyasından olan deputat Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına icazə verib.
Yeniavaz.com xəbər verir ki, müvafiq qərar parlamentdə keçirilən gizli səsvermə nəticəsində qəbul edilib.
Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinin lehinə 65 deputat, əleyhinə isə 0 səs verib. Taron Markaryanın deputat toxunulmazlığından məhrum edilməsinin lehinə 67 deputat, əleyhinə isə 2 deputat səs verib.
Ağazaryanın işində məsələ iki epizoddan gedir: birincidə Ağazaryan guya başqa şəxsə saxta sənədlərdən istifadə edərək kənd təsərrüfatı heyvanlarının ixracını təşkil edəcəyinə söz verib. Ağazaryan guya 150-200 baş mal-qaranın ixracını təşkil etmək üçün iş adamlarından 200-300 min dollar almaq niyyətində olub. İkinci epizodda Ağazaryan Ajapnyakdakı 136 saylı ibtidai məktəbin qəzalı binasının sökülməsini təşkil etmək və yaşayış binasının tikintisi üçün ərazinin verilməsini təşkil etmək üçün vətəndaş Aram Mkrtçyandan 23 min dollar 300 min dram rüşvət tələb edib.
Taron Markaryana gəlincə, ona qarşı müxtəlif illərdə çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələrlə ittiham irəli sürüləcək.