
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) həbs olunan və bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun yerinə yeni rəhbər müəyyənləşib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə Məclisində keçirilən səsvermədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan 177 səs toplayaraq sədr müavini seçilib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəstəklədiyi Xalq Alyansının namizədi Zeynel Abidin Okul isə 125 səs əldə edib.
İlk turda lazımi səs çoxluğu təmin edilmədiyi üçün ikinci tur keçirilib. Məclis üzvləri bu prosesdə "Əkrəm İmamoğlunun yoldaşları" yazılmış döş nişanları taxaraq iştirak ediblər.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin vəzifəsini icra edəcək Nuri Aslan 1969-cu ildə Sivasda anadan olub. Nuri Aslan təhsilini İstanbulda başa vurub. Yıldız Texniki Universitetinin Dəniz Memarlığı və Dəniz Mühəndisliyi fakültəsini bitirən Aslan uzun illər özəl sektorda rəhbər vəzifələrdə çalışıb. O, 1999-2004-cü illərdə Küçükçekmece Bələdiyyə Məclisinin üzvü, 2014-2018-ci illərdə BEYSİAD İdarə Heyətinin sədri olub. 2019-2024-cü illərdə Beylikdüzü Bələdiyyəsi və İstanbul Böyükşəhər Bələdiyyə Divan üzvü kimi fəaliyyət göstərən Aslan 31 mart 2024-cü ildə keçirilən yerli seçkilərdə yenidən məclis üzvü seçilib. Nuri Aslan evlidir və üç övladı var. O, bu gün İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin qərarı ilə bələdiyyə sədrinin birinci müavini təyin edilib və bələdiyyə sədrinin vəzifələrini icra edəcək.