
Vaşinqton Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Ukrayna nümayəndələri arasında dolayı danışıqlar keçirməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “The Glenn Beck Program”a müsahibəsində bildirib.
“Biz Səudiyyə Ərəbistanında dolayı danışıqlar üçün texniki qruplar təşkil edirik”, - o qeyd edib.
Kelloq izah edib ki, Moskva və Kiyevdən gələn nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və hər bir tərəfin şərtləri ABŞ nümayəndələri tərəfindən dinləniləcək.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ arasında Ukrayna məsələlərinə dair danışıqların yeni raundu keçiriləcək.
Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqların ilk raundu keçirilib . Digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili müzakirə olunub. ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə danışıqlar qruplarının yaradılması barədə razılığa gəliblər.