
“Hazırda Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüşlə bağlı heç bir plan yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələlik vaxtı barədə danışmaq mümkün deyil, çünki planlar yoxdur. Əgər prezidentlər qərar qəbul edərlərsə, o zaman görüş, təbii ki, dövlət başçılarının özlərinin müəyyən etdiyi vaxt çərçivəsində hazırlanacaq”, Peskov deyib.
Mətbuat katibi qeyd edib ki, Moskva və Vaşinqton hazırda ikitərəfli münasibətləri canlandırmaq və müxtəlif səviyyələrdə müxtəlif dialoq rejimlərini bərpa etmək yolundadır.
Qeyd edək ki, Tramp və Putinin martın 18-də telefonla danışacağı gözlənilir.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri sonuncu dəfə fevralın 12-də telefonla danışıblar. Bundan dərhal sonra ölkələr Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ikitərəfli məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər. Cəmi altı gün sonra ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda görüşdülər - bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra ilk rəsmi ikitərəfli görüş idi.