
İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti “La Liqa”nı boykot edəcəyi ilə hədələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kral klubu”nun rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, buna səbəb “Real Madrid”in 72 saat istirahət etmədən liqada oyuna çıxmasıdır.
Belə ki, klub ötən axşam – şənbə günü səfərdə “Vilyareal”la qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin bundan əvvəlki oyunu isə Çempionlar Liqasının 8/1 final mərhələsi çərçivəsində cümə axşamı (Bakı vaxtı ilə) səfərdə “Atletiko Madrid”lə baş tutub.
“Bu gün sonuncu dəfə 72 saat istirahət etmədən oynadıq. Biz iki dəfə “La Liqa”dan matçın tarixinin dəyişdirilməsini xahiş etdik, amma heç nə alınmadı. Bizə istədiyimiz lazımi istirahət vaxtı verilməsə, “Real Madrid” bir daha oynamayacaq”, - klub Ançelottidən sitat gətirib.
Qeyd edək ki, “Real Madrid” növbəti oyununu martın 29-da İspaniya çempionatının 29-cu turu çərçivəsində “Leqanes”i qəbul edəcək. Aprelin 1-də isə “madridlilər” İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”ı qəbul edəcəklər.