
Suriyanın qərbində baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 1500-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriyanın “Şam TV” telekanalı məlumat yayıb.
Məlumata görə, Suriyanın keçid hökumətinin qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları arasında Latakiya, Tartus, Həma və Homs əyalətlərində gedən döyüşlər nəticəsində ən azı 1500 dinc sakin həlak olub.
Ən çox ölənlərin sayı Suriyanın şimal-qərbində, ən azı 745 mülki şəxsin toqquşmalarda həlak olduğu Latakiya əyalətində qeydə alınıb.
Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə eks-prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu etnik və dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.
Martın 9-da Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəranın ofisi bildirib ki, dövlət başçısı ölkənin qərbində zorakılığın artmasına səbəb olan halları araşdırmaq üçün müstəqil komitə yaradıb.
Ertəsi gün Suriyanın yeni hakimiyyət orqanlarının Müdafiə Nazirliyi Latakiya, Tartus, Həma və Homs əyalətlərində əməliyyatın başa çatdığını elan edib.
“Əl-Cəzirə” telekanalı mənbəyə istinadla xəbər verir ki, toqquşmalar nəticəsində Suriyanın keçid hökumətinin azı 231 təhlükəsizlik işçisi həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz