Bu gün 8 mart - Beynəlxalq Qadınlar Günüdür


Bir cəmiyyətin səviyyəsini öyrənmək istəyən, əslində, həmin cəmiyyətdə qadının statusuna baxa və hər şeyi dəqiqləşdirə bilər.
Tariximizin dərinliklərindən üzü bəri qadın hər zaman Azərbaycan cəmiyyətinin hərəkətverici qüvvəsi olmuşdur. Tomris anadan başlayaraq, tariximizdəki hakim mövqeyə sahib olmuş qadınların adlarını sıralamağa başlasaq, uzun bir siyahı alınar. Uca dinimiz İslam qadına çox yüksək dəyər verir. Uca Peyğəmbərimiz də (s.ə.s.) “Cənnət anaların ayaqları altındadır” buyurur.
Qadının təhsili çox vacib məsələdir. Belə ki, təhsilli ananın yetişdirdiyi övlad, əlbəttə, daha zəkalı, daha qabiliyyətli olacaq. İstər evdə, istər işdə qadının ovqatı oranın atmosferini tənzimləyir. Bir cəmiyyətin qadını xoşbəxtdirsə, orada problem yoxdur, bir cəmiyyətin qadını xoşbəxt deyilsə, orada rifahdan danışmaq əbəsdır. Hüseyn Cavid qadının cəmiyyətdəki rolunu qısa şəkildə belə ifadə edir: “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.
Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxıb. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Vətən müharibəsində əldə etdiyimiz tarixi ZƏFƏR hər kəsdən əvvəl o igidləri doğub böyüdən, Vətənin işğaldan azad olunması üçün cəbhəyə göndərən anaların QƏLƏBƏsidir.
Əslində, təkcə 8 martda deyil, ilin hər günü anamızın, bacımızın, ömür-gün yoldaşımızın, qızlarımızın bayramı olmalıdır. Çünki sevginin, səmimiyyətin hakim olduğu mühitdə hər gün bayram havasında keçir.
Bayramın mübarək, Azərbaycan qadını! Hər şeyin gözəli sənin olsun!

DİGƏR XƏBƏRLƏR

Top