
ABŞ Prezidenti Donald Tramp Fələstinin HƏMAS təşkilatından bütün girovları dərhal azad etməyi və öldürülənlərin cəsədlərini geri qaytarmağı tələb edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, əgər HƏMAS tələbi yerinə yetirməsə, bu, onların sonu olacaq.
Trampın sözlərinə görə, o, İsrailə işi bitirmək üçün bütün lazımi vasitələri göndərir, ona görə də, tələb yerinə yetirilməsə, heç bir HƏMAS üzvü təhlükəsiz olmayacaq.
Həmçinin, ABŞ Prezidenti bunun “son xəbərdarlıq” olduğunu vurğulayıb.
“Bütün girovları indi buraxın, sonra deyil. Əks halda sizin üçün hər şey bitdi. Qarşıda sizi parlaq gələcək gözləyir, amma girov saxlamağa davam etsəniz yox. Ağıllı qərar qəbul edin - onları indi buraxın, yoxsa əvəzini ödəyəcəksiniz”, - Tramp yazıb.
Qeyd edək ki, martın 5-də Amerikanın “Axios” portalı ABŞ nümayəndələrinin Qəzza zolağında münaqişənin dayandırılması və girovların azad edilməsi ilə bağlı Fələstinin HƏMAS hərəkatı ilə gizli danışıqlar apardığını bildirib. Tərəflərin hələlik razılığa gələ bilmədikləri bildirilir.
Xatırladaq ki, bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəsin 42 gün davam etməsi nəzərdə tutulub. Şənbə günü, martın 2-də atəşkəsin birinci mərhələsi başa çatıb, lakin İsrail və HƏMAS hələ də ikinci mərhələ barədə razılığa gələ bilməyiblər.
Tətbiqimizi yükləyə bilərsiniz