
ABŞ Prezidenti Donald Tramp ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ictimaiyyət önündə baş verən açıq mübahisədən sonra Ukraynaya bütün hərbi yardımı dayandırıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, yardım prosesindəki “pauza” Tramp Ukrayna liderinin səmimiyyətlə sülh istədiyinə əmin olana qədər davam edəcək.
“Bu, yardımın tam dayandırılması deyil, bu, fasilədir”, - “Fox News” telekanalı Tramp administrasiyasının rəsmisindən sitat gətirib.
“Bloomberg” ABŞ Müdafiə Nazirliyindəki anonim mənbəyə istinadən yazır ki, fasilə hazırda Ukraynada olmayan ABŞ hərbi texnikasına, o cümlədən tranzitdə olan təyyarə və dəniz gəmilərinə və ya Polşanın tranzit zonalarında yerləşən silahlara şamil ediləcək. Mənbənin sözlərinə görə, Tramp müdafiə naziri Pit Heqsetə fasilənin tətbiq edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, martın 3-də Ağ Evdə keçirdiyi brifinqdə Trampdan Ukraynaya hərbi yardımı kəsməyi düşündüyünə dair xəbərlər barədə sual verilib.
“Hələ bu barədə danışmamışıq. Gəlin görək nə baş verir. Hazırda hərbi baxımdan çox şey gedir. Mən sizə indi cavab verə bilərəm, sonra öz ofisimə qayıdıb görə bilərəm ki, bu cavab artıq köhnəlib”, - ABŞ Prezidenti sualı belə cavablayıb.
Xatırladaq ki, gərginlik fevralın 28-də Ağ Evin Oval kabinetində Tramp və vitse-prezident J.D.Venslə Zelenski arasındakı qızğın mübahisədən sonra yaranıb. Zelenski Ukraynanın mineral ehtiyatları ilə bağlı saziş imzalamadan Ağ Evi tərk edib.