
Arayik Harutyunyan 44 günlük müharibənin gedişində Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistan Baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini deyib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Araik Harutyunyan bu barədə bu gün keçirilən məhkəmə iclasında bildirib.
“Oktyabrn 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”, - o vurğulayıb.
A.Harutunyan etiraf edib ki, “Qarabağ Müdafiə Ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi:
“Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb.
Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”.
Həmçinin Harutunyan qeyd edib ki, 2020-ci ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan rəhbərlik edib:
“Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayəət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır”.