
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın xarici işlər naziri Takeşi İwaya da daxil olmaqla, 9 Yaponiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, bu qadağa Tokionun Rusiyaya qarşı davam edən sanksiyalarına cavab olub.
Yaponiyanın Ukraynadakı hazırkı səfiri Masaşi Nakaqome və keçmiş səfir Kuninori Matsudanın da ölkəyə girişi qadağan edilib. Digər altı vətəndaş Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndələri, gəmi və təyyarə mühərrikləri istehsal edən “IHI Corporation” sənaye şirkətinin prezidenti, həmçinin “Isuzu”, “Prodrone” və “Cyberdyne” şirkətlərinin prezidentləridir.
Yaponiya 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra məhdudiyyətlər sərtləşdirildi və sonradan genişləndirildi.