
Bu gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verib.
Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib”, - nazirliyin yaydığı məlumatda deyilir.
Qurumun sonuncu məlumatında isə bildirilir ki, yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Qeyd edək ki, sözügedən iaşə obyektinin AAF Park yaşayış kompleksinin ərazisindəki “Faxralı” restoranı olduğu bildiirlir.